Əhalinin sürətli artımı və şüursuz istifadə nəticəsində su ehtiyatları getdikcə azalır. İnsanların ən əsas ehtiyaclarından biri olan suya çıxışımızı məhdudlaşdırmaq həyatımıza çox təsir edəcək bir problemdir. Ancaq vərdişlərinizdə bir neçə kiçik dəyişiklik etməklə siz hamamda suya qənaət edə, evdə su sərfiyyatınızı azaldaraq həm ətraf mühitə, həm də öz büdcənizə töhfə verə bilərsiniz! Xüsusən də gənclər arasında su sərfiyyatının minimuma endirilməsi, həmçinin də büdcəyə qənaət üçün təbliğat aparmaq lazımdır. Kirayə evlərdə yaşayan tələbə və işləyənlər təkcə su israfını minimum endirməklə öz büdcələrinə xeyli qənaət etmiş olacaqlar.
Evdə su sərfiyyatının təxminən 40%-50%-i hamamda edilir. Hamam otağında suya qənaət etmək üçün nə edə bilərik?
Duş qəbul etməyə üstünlük verin.
Duş qəbul etmək vanna qəbul etməkdən qat-qat qənaətlidir. Duş vaxtınızı 5-6 dəqiqə ilə məhdudlaşdırmaqla hər duş zamanı 50 litr daha az su sərf edə bilərsiniz. Eyni zamanda şampunlama və sabunlama zamanı suyu bağlamaqla böyük miqdarda suya qənaət etmək mümkündür. Hətta hamam otağında enerjiyə qənaət edən duş başlığından istifadə edə bilərsiniz. Ekonomik bir duş başlığı adi bir duş başlığı ilə müqayisədə dəqiqədə 6 litrdən çox suya qənaət edir. Yəni, siz 10 dəqiqəlik duş aldığınız zaman adi duş başlığı ilə 100 və ya 120 litr, ekonomik duş başlığı ilə isə 60 litr su istifadə etmiş olacaqsınız. Tualetdə suya qənaət etmək üçün qənaət sifonundan da istifadə də mümkündür.
Dişləri fırçalayarkən və təraş olarkən suyu bağlayın
Fırçalama və təraş zamanı su kranını açıq saxlamaq olduqca böyük su israfına gətirib çıxarır. Təraş edərkən, dişlərinizi fırçalayarkən, əllərinizi yuyarkən boş yerə su axıtmayın. Xəbəriniz varmı ki, suyu bağlamayıb dişləri yuyanda düz 45 litrə yaxın su israf olunur? Cəmi 3 dəqiqəyə! Çıxış yolları var, sadəcə suyu bağlamaq. Məsələn, ağzı yaxalamaq üçün, stəkana su doldurun. Cəmi yarım litrlə məsələ həll olunacaq. Siz sadəcə fırçalama, əl yuma, təraş zamanı kranı bağlayaraq ciddi şəkildə su israfının qarşısını ala bilərsiniz.
Suya qənaət etmək üçün paltaryuyan maşından necə istifadə etmək olar?
Mümkün qədər çox su sərf edən uzunmüddətli proqramlar yerinə qısa proqramlar seçərək həm suya, həm də elektrik enerjisinə qənaət edə bilərsiniz. Paltaryuyan maşınınızın funksionallığını araşdıraraq, daha qısa müddətə malik funksional və ekoloji cəhətdən təmiz proqramlardan istifadə edə bilərsiniz. Paltaryuyan maşında yuma zamanı bir yuyuluşa sərf olunan minimal su həcmi, 38 litrdir, maksimal həcm isə 80 litrə çatır. Ona görə də birdəfəyə çoxsaylı paltar yumaq daha yaxşıdır. Paltaryuyan maşınınızı həftədə sadəcə bir dəfə belə normaldan daha az işlətsəniz, ildə təxminən 9 ton suya qənaət edə bilərsiniz. Beş evdə tətbiq edildikdə, bu ölçü bir insanın həyatı boyu ehtiyac duyduğu suyun miqdarına bərabərdir. Bu həmçinin enerjiyə qənaətə də imkan verir.
Mətbəxdə suya necə qənaət edək?
Hamam otağında olduğu kimi mətbəxdə də su israfı böyük miqyasda təkrar olunur. Kranı tam açmaqla 10 dəqiqəyə 150 litr su israf etmiş olursunuz. Daha zəif su ilə də qabları təmizləmək mümkündür. Həmçinin də qab yumaq üçün yuyucu vasitələrdən az istifadə etmək lazımdır. Öncəliklə, kimyavi vasitələrdən çox istifadə sağlamlığa zərərlidir. Digər bir məqam, kimyəvi yuyucu vasitələrdən çox istifadə etdikcə, onları qablardan yuyub təmizləmək də çətinləşir və bu da daha çox su israfına gətirib çıxarır.
Su kranının tam və ya yarımçıq açılması su sərfini 2-3 dəfə artırır. Ona görə də əgər doğrudan da yüksək təzyili su lazım deyilsə, əli yumaq və ya qabları yaxalamaq, kranı tam açıb, suyu boşuna sərf etməmək lazımdır.
Meyvə və tərəvəzləri axar suda yumayın.
Meyvə tərəvəz bizim sağlamlığımız üçün olduqca faydalı və əvəz olunmaz qidadır və onların təmizliyinə xüsusi diqqət etmək lazımdır. Amma axar su ilə yuyulduqda böyük su sərfi də yaradır. Buna görə də, ən yaxşı üsul meyvə və tərəvəzləri su ilə doldurulmuş qabda yumaqdır. Bir böyük qazandakı 3 litr su, su kranından axan 15 litr suyu əvəz edəcək. Hətta qazanda meyvə və tərəvəzləri az sirkə tökülmüş suda saxlamaq axar suyda yumaqdan daha təmiz edəcəkdir.
Su sızan nasaz santexnika xətlərinin təmiri, lazımsız yerə sifonu çəkməmək və ya ekonom formada istifadə etmək, evin və paltarların düzgün təmizlənməsi kimi bir çox qənaət üsullarını tətbiq etməklə evdə həddindən artıq su sərfiyyatının qarşısını almaq olar.
Unutmayın, su israfını dayandırmaq, suyu qorumaq lazımdır. Su həyatdır!